Polyup Haqqında

Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant Müsabiqəsi

"Polyup" ilə hesablama təfəkkürünü inkişaf etdirək!

Layihənin əsas məqsədi I-XI sinif şagirdləri arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasında şagirdlərə öz bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaqdır.

Polyup nədir?

Polyup platforması 2015-ci ildə Stanford Universitetinin professorları tərəfindən təsis olunub. Polyup internet çıxışına malik istənilən qurğudan əlçatan olan, I-XI siniflər üçün riyaziyyat və hesablama düşüncəsini inkişaf etdirən, şagirdlərin problem həll etmə, yaradıcılıq kimi 21-ci əsr bacarıqlarını formalaşdıran 3D vizual simulyasiyalardan ibarət virtual öyrənmə platformasıdır. Platformada indiyə qədər 1 milyondan çox tapşırıq müəllimlər tərəfindən yaradılmış, 25 milyondan çox tapşırıq şagirdlər tərəfindən həll edilmişdir. Platforma hazırda ABŞ, Oman, Yunanıstan, Böyük Britaniya Krallığı, Azərbaycan, İspaniya, Fələstin və s. ölkələrdə yerləşən məktəblər tərəfindən geniş istifadə olunur.

Polyup Azərbaycanda

2018-ci ilin dekabr ayından etibarən Azərbaycanda Polyup layihəsi çərçivəsində fəaliyyətlər həyata keçirilir. Polyup platforması üzrə müəllimlər üçün Azərbaycan təhsil mühitinə adaptasiya olunmuş Azərbaycan dilində metodiki vəsait hazırlanmışdır. Layihəyə maraqlı olan 5511 nəfər ibtidai sinif, texniki və təbiət fənn müəllimlərinə təlimlər keçirilmişdir. Müəllimlər bu təlimlərdə hazır “PolyUp” tapşırıqları üzərində iş prinsipləri ilə yanaşı yeni tapşırıqların hazırlanması və platformaya yerləşdirilməsi, həmçinin layihə əsaslı dərslərdə polyup tapşırıqlarına inteqrasiya etmək bacarıqlarına yiyələnmişlər. Platforma hal-hazırda 26 dildə fəaliyyət göstərir, onlardan biri də Azərbaycan dilidir. Polyup platformasındakı resursları müxtəlif üsullarla digər platformalara inteqrasiya etmək mümkündür. Dünyada ilk dəfə ölkəmizdə bu resursların videoresurslara inteqrasiyası həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Polyup platformasındakı resursları teledərslərə və video.edu.az platformasında yerləşən digər video resurslara inteqrasiya etməklə onlayn və distant dərslərin keyfiyyətini artırmaq istiqamətində addımlar atır və hazırda digər ölkələr də bu təcrübədən faydalanır.

Polyup platformasından istifadə

Kompüter, mobil qurğu və ya planşet üzərindən istifadə imkanı verən ödənişsiz, oyun tipli Polyup platformasının şagirdlər və müəllimlər üçün yaratdığı digər imkan, mühəndislik, robototexnika və modelləşdirmə üzrə olimpiada və müsabiqələrin keçirilməsidir. Belə ki, şagirdlər platformada yaş və sinif səviyyələrinə uyğun milli kurikuluma uyğunlaşdırılmış Azərbaycan dilində müxtəlif səviyyəli tapşırıqları yerinə yetirməklə xallar toplayır və müsabiqədə qalib olmaq imkanı qazanırlar. Bu günədək, ümumilikdə 90 məktəbdən olan 1000-dən çox müəllim heyəti və 10000-dək müxtəlif yaş səviyyəli şagirdlər “Polyup” layihəsinə qoşularaq fəal şəkildə Azərbaycan üzrə keçirilən müsabiqələrdə iştirak etmişlər.